Videolar

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının ən fəal və nümunəvi ərazi partiya təşkilatlarından biri olan “Unity Company” şirkətinin yaradılmasının 15 illiyi münasibətilə görüş keçirilib. 
Görüşdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov partiyanın yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından və Prezident, YAP sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlardan danışıb. O, qeyd edib ki, Azərbaycanın inkişaf strategiyası bütün sahələrdə, o cümlədən səhiyyə və iqtisadiyyat sektorlarında ciddi uğurlara səbəb olub.

Vüsar İsmayılov “Unity Company” şirkətinin bu istiqamətdə mühüm rol oynadığını vurğulayaraq bildirib ki, şirkət fəaliyyətə başladığı gündən etibarən əhalinin sağlamlığına xidmət edən keyfiyyətli məhsul və xidmətlər təqdim edir, elmi-tədqiqat potensialını daim gücləndirir və ölkəmizdə səhiyyənin inkişafına töhfə verir.

Daha sonra ərazi partiya təşkilatının sədri, “Unity Company”nin direktoru Fikrət Əliyev çıxış edərək şirkətin keçdiyi 15 illik inkişaf yolundan danışıb. O, rəhbərlik etdiyi kollektivin dövlət siyasətinə və partiya dəyərlərinə sadiq şəkildə fəaliyyət göstərdiyini, vətəndaşlara göstərilən xidmətin səviyyəsinin ildən-ilə yüksəldiyini qeyd edib. 

Fikrət Əliyev həmçinin Yeni Azərbaycan Partiyasının üzvü olan əməkdaşların ictimai-siyasi proseslərdə fəal iştirak etdiyini vurğulayıb və bu ənənənin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Görüşün sonunda şirkətin bir qrup əməkdaşı fəal partiya üzvü kimi fərqləndiklərinə görə təşəkkürnamə və hədiyyələrlə təltif olunub.